GDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ,,Müasir təbiət ve iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Sonra konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusuna gedərək Ulu Öndərə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransı giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Rektor Yusif Yusibov çıxışında onu da bildirdi ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ümummilli Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ümummilli Lider Heydər Əliyev xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olundu, iri miqyaslı iqtisadi layihələrin icrasına başlanıldı, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu.
Rektor Yusif Yusibov onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi II Qarabağ müharibəsində özünü göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb. Hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. Hazırda bu dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib. Qeyd edib ki, Ulu Öndər hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət yetirmiş və gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab etmişdir.
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu və Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Novruzov müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 616 məqalə 6 cilddə kitabda nəşr olunub. Beynəlxalq konfrans 15 bölmədə öz işini davam etdirəcəkdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti