GDU Həmkarlar İttifaqı Komitəsi Qarabağ müharibəsi qaziləri olan universitet əməkdaşları ilə görüş keçirib

      Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq Novruz bayramı münasibəti ilə universitetin bir qrup əməkdaşı ilə   görüş keçirib.

    Görüşdə komitənin sədri Afaq Qasımova xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə əməkdaşları universitet rəhbərliyi  və öz adından təbrik edərək, onlara cansağlığı, səadət və  işlərində uğurlar,  xalqımıza əmin-amanlıq arzulayıb. 

   Daha sonra Novruz bayramı münasibətilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 300 nəfər az təminatlı əməkdaşa zəruri ərzaqlardan ibarət bayram sovqatı paylanılıb.     Ali təhsil ocağının əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibov və Afaq Qasımovaya öz təşəkkürlərini bildiriblər.

    Novruz bayramı ərəfəsində Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilən növbəti görüş II Qarabağ müharibəsinin iştirakçıları və qaziləri ilə olub.

     Öncə  universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Komitənin sədri Afaq Qasımova Novruz bayramı münasibəti ilə  Qarabağ müharibəsi qazilərlərini universitet rəhbərliyi və öz adından təbrik edib, onlara cansağlığı arzulayıb. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, igidlərin qəhrəmanlığından söhbət açıb.

Görüşdə rektorun baş müşaviri Asif Cavadov qaziləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstərən qazilərimiz daim universitet rəhbərliyinin diqqət mərkəzindədir.

    Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qazilərə 100 manat məbləğində mükafat və bayram sovqatı təqdim edilib.

    Qazilər onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibov və Afaq Qasımovaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti