GDU nümayəndə heyəti Kırşehir Ahi Evran Universitetində bir neçə fakültəni ziyarət edib

Türkiyə Respublikasında yerləşən Kırşehir Ahi Evran Universitetində olan Gəncə Dövlət Universitetininin nümayəndə heyəti səfər çərçivəsində bir neçə fakültəni ziyarət edib.

16 iyul 2025-ci il tarixində Fənn və ədəbiyyat fakültəsini ziyarət edən GDU əməkdaşları fakültə dekanı Prof. Dr. Faruk Selçuk ilə görüşmüş, fakültənin iştirakı ilə hər iki universitet arasında mümkün olan əməkdaşlıqlar müzakirə edilmişdir. Görüş zamanı iki universitet arasında olan ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Kırşehir Ahi Evran Universitetinin Fənn və ədəbiyyat fakültəsində bir dərs otağına Nizami Gəncəvinin, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində bir dərs otağına isə Ahi Evran-ı Veli adının verilməsi məsələsi müzakirə edilib.

Müzakirədən sonra  Nizami Gəncəvinin adının verilməsi planlaşdırılan dərs otağına baxış keçirilib. Görüşün sonunda  Gəncə Dövlət Universitetinin nümayəndə heyəti fakültə dekanı Prof. Dr. Faruk Selçuka Nizami Gəncəvinin Xəmsəsini hədiyyə olaraq təqdim edib.

17 iyul 2025-ci il tarixində Təhsil fakültəsini ziyarət edən GDU əməkdaşları fakültənin akademik strukturu, hazırda mövcud olan fəaliyyətləri, fakültədə daxili keyfiyyət təminatı prosesləri və rəqəmsallaşma təşəbbüsləri haqqında məlumat alıb. Nümayəndə heyəti qonaqpərvərliyinə görə prorektor Prof.Dr.Hüseyin Şimşəkə, təhsil fakültəsinin dekanı Prof. Dr. Ərtoğrul Yamana təşəkkürünü bildirib. İştirakçılar səfərin iki universitet arasında davamlı və məhsuldar akademik əməkdaşlığın əsasını qoyacağını söyləyib. Sonda təhsil fakültəsinin dekanı Prof. Dr.Ərtoğrul Yaman müəllifi olduğu Türk dünyası yazıçılarının əsərlərinə həsr olunmuş kitabı haqqında məlumat verib. Dekan müəllifi olduğu kitabın bir nüsxəsini GDU nümayəndə heyətinə təqdim edib və kitabın onun adından universitet rektoruna hədiyyə edilməsini istəyib.

18 iyul 2025-ci il tarixində GDU əməkdaşları Kırşehir Ahi Evran Universitetinin Neşet Ertaş İncəsənət fakültəsini ziyarət edib. Fakültə dekanı və əməkdaşları qonaqların şərəfinə konsert proqramı ilə çıxış edib. Konsertdə Türkiyə və Azərbaycana məxsus müxtəlif milli musiqilər ifa edilib. Fakültə dekanı Prof. Dr. Kubilay Kolukırık Gəncə Dövlət Universitetində mövcud olan Musiqi fənnləri kafedrası ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Yaxın zamanda hər iki universitetin iştirakı ilə birgə fəaliyyətlərin icra edilməsi üçün razılıq əldə edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti