GDU-nun əməkdaşı Azərbaycan Psixoloqlarının I Konqresində iştirak edib

           12 aprel 2025-ci ildə Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib.

    Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

    Konqresin açılışında çıxış edən Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin təşəkkülündən, bu sahənin inkişaf mərhələlərindən, aparıcı alim və mütəxəssislərin rolundan ətraflı bəhs edib. O, çıxışında dünya miqyasında psixologiya elminin inkişaf dinamikasına da nəzər salıb. Professor Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycanda psixologiya elmi zəngin ənənələrə əsaslanır və bu elm cəmiyyətin psixi rifahında, sosial-mənəvi inkişafında strateji əhəmiyyətə malikdir.

   Konqresdə çıxış edənlər Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov, deputat Nigar Məmmədova, ADPU-nun ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Piralı Əliyev və başqaları tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, elmi mübadilə və əməkdaşlıq baxımından bu kimi platformaların vacibliyini vurğulayıblar.

    Konqres çərçivəsində psixologiya elminin müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələri də keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti