GDU-nun əməkdaşları Tovuzda yuxarı sinif şagirdləri ilə görüş keçiriblər

Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti  Tovuz rayon Təhsil sektorunda orta ümumtəhsil məktəbinin direktorları və yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

      Tovuz rayon Təhsil sektorunun əməkdaşı İlhamə Zeynalova çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən
ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.

     Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri – dosent Allahverdi Quliyev, dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə, dosent Məhərrəm Orucov, dosent Elvin Atakişiyev çıxış edərək universitetin fəaliyyəti, tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər. Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs ediblər.

      Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və
Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.

     Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti