GDU-nun Fəxri Professoru Quliyev Əliqulu Umud oğlu vəfat etmişdir

Gəncə Dövlət Universitetinin pedaqoji kollektivinə ağır itki üz vermişdir. Universitetin Riyaziyyat – informatika fakültəsinin Fəxri Professoru Quliyev Əliqulu Umud oğlu 18 oktyabr 2022-ci il  tarixdə vəfat etmişdir.

     Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır. Hələ dünyaya gəlməmiş atasını itirmiş, 7 yaşında ikən taleh onu anadan da məhrum etmiş, bir-birindən bir yaş fərqi olan üç bacısı ilə birlikdə yetimçilik həyatı ilə üzləşmişdir. Nəhayət, zaman öz axarı ilə gəlib keçmiş, Əliqulu da orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1959-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə daxil olaraq 1964-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək  Xaldan orta məktəbində əmək fəaliyyətinə başlamışdır.  Əliqulu müəllim orta məktəbdə işləməklə yanaşı 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim kimi fəaliyyətini davam etdirmişdir.

    1974-cü ildə Ə.Quliyev aspirant olduğu Riyaziyyat-Mexanika İnstutunda «Məxsusiyyəti olan polinomial əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun yaradıcılıq işini görkəmli riyaziyyatçılar  Q.E.Şilov, C.Allahverdiyev, F.Maqsudov və başqaları yüksək qiymətləndirmişlər. Bu o dövrə təsadüf edirdi ki, artıq 5 il idi ki, hakimiyyətə gəlmiş əvəzolunmaz şəxsiyyət Heydər Əliyev Respublikada elmin və mədəniyyətin inkişafını öz himayəsinə götürərək ona böyük diqqət yetirirdi.

     Əliqulu müəllim 42 ilə yaxın tələbələrin təhsili və təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Öz peşəkarlığı, tələbkarlığı ilə seçilən  Əliqulu müəllim professor-müəllim heyətinin, tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır.

  Əliqulu müəllim uzun müddət Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasına, sonralar Riyaziyyat-informatika fakültəsinə başçılıq etmiş, Azərbaycanda və xarici ölkələrdə 100-dən çox elmi əsərlər çap etdirmişdir. O, iri həcmli bir monoqrafya və tələbələrin istifadəsinə verilmiş 10 dərs vəsaitinin müəllifidir.

    Əliqulu müəllim  səmərəli elimi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rektorunun təşəkkür və fəxri fərmanına, 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürünə, 2004-cü ildə fəxri fərmanına layiq görülmüşdür.  Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə Respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə Ə.U.Quliyev  «Tərəqqi  medalı»  ilə təltif olunmuş,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 dekabr 2014-cü il  əmri ilə “Qabacıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

    Gəncə Dövlət Universitetinin, eləcə də Riyaziyyat-informatika fakültəsinin inkişafında əvəzsiz xidmətləri olmuş Əliqulu Umud oğlu Quliyevin əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

Rektorluq