“Genderyönümlü pedaqogika” üzrə təlimləndirilən 400-ə yaxın müəllim təhsil sistemində gender bərabərliyini təşviq edəcək

Bakı, Gəncə və Lənkəranda keçirilən “Genderyönümlü pedaqogika” üzrə təlimlərə cəlb edilən 400-ə yaxın müəllim gender bərabərliyi mövzusunda məlumatlılığını artırıb. Qeyd edilən təlimlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində keçirilib.

Təlimlərin əsas məqsədi layihənin hədəf regionları olan Bakı, Gəncə və Lənkəran şəhərlərində yerləşən ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə biliklərinin təkmilləşdirilməsi, gender bərabərliyinə əsaslanan təhsil sisteminin müxtəlif aspektləri haqqında məlumatlandırılması, həmçinin bu sahədə praktiki bacarıq və səriştələrinin artırılmasıdır.

Hədəf regionların hər birində 4 həftə davam edən interaktiv təlimlər müəllimlərin genderə həssas pedaqogika üzrə bilik, bacarıq və yanaşmalara yiyələnməsini təmin etməklə yanaşı, onların qız və oğlanların tədris və təlim proseslərində bərabər iştirakına imkan yaradan genderə həssas metodologiyalardan istifadəsinə dair məlumatlılığını artırıb.

Genderyönümlü pedaqogika üzrə “Təlimçilər üçün təlim” proqramının iştirakçısı, Gəncə Dövlət Universiteti, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, təlimçi Sevinc Quliyeva bildirib ki, təlimin əsas məqsədi məktəb və sinif daxilində şagirdlərə cinsi ayrıseçkilik etmədən eyni dərəcədə fəaliyyət mühitinin yaradılmasının vacibliyini ön plana çəkmək olub.

    Təlimdə Ümümi pedaqogika kafedrasının baş müəllimləri Lamiə Hacımuradova və Göyçək Pirverdiyeva təlimin müxtəlif modulları barədə çıxış ediblər.

  Ümumi pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyev və  professor-müəllim heyəti təlimdə inkişafetdirici və dəstəkləyici mühitin təşkilində gender aspektini nəzərə almağın yeni yolları ilə tanış olaraq maraqlı təkliflərlə çıxış ediblər.

Təlimdə bildirilib ki, “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində genderyönümlü pedaqogikaya dair yeni hazırlanmış məzmunun ibtidai pedaqoji təhsilin kurrikulumuna inteqrasiyası, eləcə də bu sahədə davranış dəyişikliyinə yönəlmiş kompaniyaların həyata keçirilməsi nəzərdə tutulur. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti