GÖRKƏMLİ TORPAQŞÜNAS ALİM, İCTİMAİ-SİYASİ XADİM, KƏND TƏSƏRRÜFATI ELMLƏRİ DOKTORU, AKADEMİK HƏSƏN ƏLİYEV

28 aprel 2017-ci tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının iclas zalında görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransda universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Konfransı  giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq bildirdi ki, təbiətin gözəlliyini, zənginliyini, insanlara verdiyi faydanı dərk edən və bu mirasa, sərvətə gələcək nəsillərdə böyük sevgi oyadan, daha doğrusu, o sevgini aşılayan elm adamlarından biri də Azərbaycan elminin cəfakeşlərindən olan, böyük təbiət alimi, akademik Həsən Əlirza oğlu Əliyevdir. Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Ermənistanın  Sisyan rayonunun Comərdli kəndində anadan olub. Maarifpərvər, oxumağın, elmdə yüksəlməyin tərəfdarı olan atası Əlirza kişi övladlarının hamısının orta məktəbi bitirməsi ilə kifayətlənməyib, onları ali təhsil almağa sövq edib. Buna görə də o, 1930-cu ildə gənc Həsəni Gəncəyə öz qəlbinə yatan sahəyə-Kənd Təsərrüfatı İnstitutunda təhsil almağa yola salır. Bununla da Həsən Əliyevin bizə bəlli olan geniş fəaliyyətinin əsası qoyulur. Bildiyimiz kimi Həsən Əliyev torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim, ictimai-siyasi xadim olub. Kənd təsərrüfatı elmləri doktoru, professor kimi elmə böyük xidmətlər göstərib.

Botanika kafedrasının müdiri professor Vaqif Novruzov “XX əsr elmi-mənəvi fikrimizin böyük nümayəndəsi” , Ekologiya və təbiət mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova “Azərbaycan torpaqşünaslıq və ekologiya elminin inkişafında akademik Həsən Əliyevin rolu” , Coğrafiya kafedrasının professoru Rəşad Nuriyev “Akademik Həsən Əliyev və coğrafiya elminin inkişaf problemləri” , Filologiya fakültəsinin II kurs tələbəsi Şəhla Qəribova  “Torpağa bağlı ömür” və Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva “Elmimizin və elin ağsaqqalı” adlı məruzləri ilə görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfati elmləri doktoru, professor Həsən Əliyevin həyat yolu, yaradıcılıq və icra etdiyi vəzifələrdə daim mübarizə nəticəsində Azərbaycan xalqı üçün əldə etdiyi uğurlar haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdilər.