İnformasiya kommunikasiya texnologiyaları və onlardan istifadə imkanları mövzusunda açıq dərs

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə müasir dövrün əvəzsiz informasiya mənbəyi olan kompüter texnologiyalarının istifadəsinə həsr olunan açıq dərs təşkil edilib.

“Kompüterin yaddaşı, yaddaş qurğularının inkişaf  perspektivləri” mövzusunda keçirilən açıq dərsdə İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanov dinləyicilərə ətraflı məlumat verib.

Tədbirdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, məktəblərin direktorları və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, kompüter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Bu gün informasiya-kommunukasiya texnologiyalarının insan həyatının bütün fəaliyyət sahələrinin yüksək templə tətbiqi informasiya cəmiyyətinin qlobal xarakter almasından xəbər verir. Bu texnologiyalardan geniş istifadə insan hüquqlarının qorunmasında iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ona görə də universitetin İnformatika kafedrasının müəllimləri və alimləri tərəfindən aparılan sosial araşdırmalar və onların nəticələrinin ictimaiyyətə açıqlanması üçün maarifləndirmə istiqamətində açıq dərslərin keçirilməsinə başlanılıb.

Sonra İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanov “Kompüüterin yaddaşı, yaddaş qurğularının inkişaf  perspektivləri” mövzusunda ətraflı çıxış edib.

Bildirilib ki, komüüter yaddaşını xarakterizə edən əsas parametrlər onun yaddaş tutumu,  yaddaşın müraciət müddəti, yaddaşın gücüdür. Dosent  Əkrəm Aslanov kompüüterin yaddaşının müxtəlif xüsusiyyətləri olan statik və dinamik, assosiativ(ünvanlı) və stek(ünvansız), ixtiyari seçim və ardıcıl addımlı seçim, EHM-dən istifadə xüsusiyyətləri (RAM və ROM) haqqında iştirakçılara ətraflı məlumat verib.

Qeyd edib ki, mühitlərin fiziki xüsusiyyətlərinə görə yaddaş daşıyıcıları maqnit (disk, lent, kart), elektron (trigger-x4 transiator) və optik (CD, DVD) növlərə bölünür.

Sonda alimlərin apardığı  elmi araşdırmalara görə insan yaddaşının kompüterin daxili yaddaşından daha çox olduğu ictimaiyyətin diqqətinə çatdırılıb və suallar cavablandırılıb.