İnnovasiya və sahibkarlıq mövzusunda təlim təşkil olunub
Təlimin əvvəlində GDU-nun İnnovasiyalar Departamentinin əməkdaşı Razim Əliyev qeyd edib ki, Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universitetinin kordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsinin iştirakçısıdır. O, iştirakçılara layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Bundan sonra “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) layihəsi haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki təşkil olunacaq Təlimçi hazırlığı (TOT2) proqramında iştirak etmək istəyən ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər əməkdaşları üçün qeydiyyat elan olunur. Həmçinin iştirak üçün anket təqdim edilib və və qeyd edilib ki, anketin məqsədi TOT2 proqramında iştirak etmək niyyətində olan universitet əməkdaşlarını müəyyən etməkdir. Qeydiyyatdan keçməklə namizədlər Təlimçi hazırlığı (TOT) proqramında iştirak etmək istəklərini rəsmi şəkildə bildirmiş olurlar. Daxil olan müraciətlər əsasında TOT2 proqramının iştirakçıları seçiləcəkdir.
Tədbir zamanı iştirakçılara innovasiya anlayışı, sahibkarlığın müasir iqtisadiyyatda rolu, innovativ düşüncə tərzinin formalaşdırılması və biznes ideyalarının inkişaf mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin startap mədəniyyəti, biznes modellərinin qurulması və innovativ layihələrin həyata keçirilməsi ilə bağlı aktual mövzular müzakirə olunub.
Təlim çərçivəsində beynəlxalq təcrübələrə də toxunulub, müxtəlif ölkələrin innovasiya və sahibkarlıq sahəsində tətbiq etdikləri uğurlu modellər iştirakçıların diqqətinə çatdırılıb. İnteraktiv müzakirələr şəklində keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.



