İqtisadiyyat və idarəetmə fakültəsində “26 fevral 1992-ci il soyqırımını unutma “ adlı tədbir keçirilmişdir


23 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  “26 fevral  1992-ci il soyqırımını unutma “ adlı tədbir keçirilmişdir. Qətlə yetirilmiş yurddaşlarımızın əbədi xatirəsini yad etmək üçün  bir dəqiqəlik sükutdan sonra fakültə dekanı dosent Şahin Xurşudov çıxış etdi. O, erməni faşizminin insanlığa sığmayan vəhşi səciyyəli əməllərini faktlar əsasında bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tarix elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırzadə  Xocalı soyqırımına tarixi bir nəzər saldı. Rus imperiyasının 366-cı alayının köməyi ilə 3000 nəfərlik dinc, əliyalın əhaliyə divan tutan ermənilərin vəhşilik epizodlarını canlandıraraq tarixə yazılmış bu qanlı səhnənin heç vaxt unudulmayacağını, yaddaşlara həkk olaraq nəsildən-nəsilə ötürələcəyini bildirərək, əli günahsız  qanlara batmış cəlladlara nifrət hissinin daha da artacağına, nə vaxtsa intiqam məqamının gələcəyinə böyük inamını vurğuladı.
Valideynləri Xocalı sakini olmuş fakültənin tələbəsi Fərid Əli öz çıxışında Xocalı soyqırımının xronologiyasından bəhs etdi. Real faktlar və gerçəkliklərə əsaslanan bu xronologiya erməni vəhşiliyini və rus himayədarlığını nəzərə çatdırmaqla bu faciənin hansı məkrli oyunlara, siyasətə xidmət etdiyini bir daha açıqladı.
Tələbələrdən Çinarə Ələkbərovanın, Anar Məmmədovun, Gülsənəm Zamanovanın, Şahin İslamın  söylədikləri  Xocalı faciəsinə həsr olunmuş şeirlər bütün tədbir iştirakçılarını riqqətə gətirdi. Sonda nümayiş etdirilən video-çarx  erməni vəhşiliyinə qarşı nifrət hissini daha da alovlandırdı.