İSTANBUL UNİVERSİTETİNİN REKTORU İLƏ DOSTLUQ GÖRÜŞÜ

23 oktyabr 2016-cı il tarixdə İstanbul Universitetinin rektoru professor Dr. Mahmut Ak və Mühəndislik fakültəsinin dekanı professor Dr.Mehmet Bilgin Gəncə Dövlət Universitetinin qonağı olmuşdur.

Dünyanın 20, Avropada isə yaranan  ilk 10 universitetdən biri olan, şanlı tarixini 1453-cü ildən başlayan, 2011-ci ildə Türkiyə Cümhuriyyəti universitetlərindən yalnız dünyanın ən yaxşı 500 universitetinin sırasına daxil olan İstanbul Universitetində 18 fakültə, rektorluğa bağlı 50 mərkəz fəaliyyət göstərir. 250 minə yaxın tələbə ilə 5000 -dən çox professor-müəllim heyəti çalışır.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov prorektorlarla birgə qonaqları salamlayıb qısa şəkildə rəhbərlik etdiyi təhsil müəssisəsi, tarixi və bu günki inkişafı, qardaş Türkiyə və digər xarici ölkələrin universitetləri ilə yaradılmış dostluq münasibətlərindən, elmi əməkdaşlıqdan, müəllim və tələbə mübadiləsindən bəhs etdi. Dəyirmi stol arxasında fikir mübadiləsi apararaq, yaxın vaxtlarda İstanbulda imzalanacaq əməkdaşlıq müqaviləsinin istiqamətləri nəzərdən keçirildi.

Professor Yusif Yusibov qonaqlara kollektiv adında hədiyyələr təqdim etdi. Bundan sonra qonaqlar ayrı-ayrı tədris binaları ilə tanış olub, xatirə şəkli çəkdirdilər.

Professor Dr. Mahmut Ak və professor Dr.Mehmet Bilgin göstərilən diqqətdən, qardaşlıq münasibətindən olduqca məmnun qaldıqlarını bildirdilər.