Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları GDU-nə səfər edib
Məlumat üçün qeyd edək ki, Gəncə Dövlət Universitetinin təşəbbüsü ilə Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərdə Nizami Gəncəvi adına mühazirə otağının yaradılması, qarşılığında isə universitetdə Yunus Əmrə mühazirə otağının yaradılması çağırışı edilmişdir. Artıq layihə əsasında universitetdə Yunus Əmrə mühazirə otağı yaradılmışdır. Çağırışa cavab olaraq İstanbul Universiteti, İzmir Katip Çelebi Universiteti, İzmir Dokuz Eylül Universiteti və Atatürk Universiteti layihədə iştirak etmək istədiyini bildirmişdir. Bu çağırışa digər Türkiyə universitetlərinin də qoşulması gözlənilir. Yaxın günlərdə adları qeyd olunan universitetlərdə Nizami Gəncəvi adına mühazirə otağının açılışı planlaşdırılır.
Bu layihənin fəaliyyət planına uyğun olaraq Kırıkkale Universitetinin Fən və Ədəbiyyat Fakültəsinin Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, Ankara Mövlanə Araşdırmaları Dərnəyinin sədri Prof. Dr. Adnan KARAİSMAİLOĞLU və Atatürk Universitetinin Ədəbiyyat Fakültəsinin Fars dili və ədəbiyyatı kafedrasının müdiri Prof. Dr. Nimet YILDIRIM Gəncə Dövlət Universitetinə səfər edib. Səfər zamanı qonaqlar universitetin V tədris binasında yeni açılmış Yunus Əmrə mühazirə otağını ziyarət edib. Ziyarət zamanı universitet əməkdaşları ilə səmimi görüş təşkil olunmuş və gələcəkdə ortaq şəkildə icra olunacaq layihələr müzakirə edilib.Qonaqlar eyni zamanda Nizami Məqbərəsini, Nizami Muzeyini, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində I Gəncə Kitab Sərgisini, Heydər Əliyev Park-Kompleksini və Heydər Əliyev Mərkəzini ziyarət edib. Eyni zamanda Heydər Əliyev Mərkəzində Gəncə şəhər İcra Hakimiyyəti, Xarici İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri qrupunun birgə təşkilatçılığı ilə təşkil olunmuş dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş dəyirmi masada iştirak edib. Dəyirmi masa başa çatdıqdan sonra qonaqlar 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib, Gəncə terrorunun qurbanlarını ehtiramla yad edib.