Laçın rayonunun təhlükəsizliyinin qorunması əsas vəzifələrdən biridir

Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

     Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlardan danışan dövlətimizin başçısı Cənab İlham Əliyev deyib ki Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək. Azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək.

   Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

    Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir.

    Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır.

     Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti