Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

   Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

      Ümummilli Lider Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.

      1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

    Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

    Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

   Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

    Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.

    1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

    Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. 

    Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir.

   Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti