“ NARKOMANİYAYA YOX DEYƏK! “

 

15 mart 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Baş binsının iclas zalında Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının tələbələrlə görüşü keçirilmişdir. “Narkomaniyaya yox deyək” devizi ilə keçirilən bu tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Müqalib Abdıyev, idarənin böyük köməkçisi polis polkovnik-leytenantı Əjdər İsgəndərov, yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi polis polkovnik-leytenantı Babək Sadıqov, azyaşlılarla iş üzrə inspektor polis leytenantı Seymur Sadıqov iştirak etmişdir.

Dosent Asif Cavadov gələn tədbir iştirakçılarını salamlayaraq, onların qarşıdan gələn Novruz bayramlarını təbrik etdi və tədbirin əsa məqsədi haqqında tələbələrə məlumat verdi. Qeyd etdi ki, narkomaniya “ağ ölüm”dür, “Narkomaniya” və “ölüm” bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilmişdir. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilmiş narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri uşaqların ən çox toplaşdıqları yerlərdə olur, onlara narkotik məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Müqalib Abdıyev tələbələri norkotikdən uzaq olmağa səslədi. Bildirdi ki, narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı “iynəyə alışdırmaq”, gəncləri və uşaqları narkomaniyaya sövq etdirmək niyyətindədirlər. Hətta bunu şərəfli iş bilirlər.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.

Tədbirin sonunda Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tələbələri maraqlandıran suallara cavab verdilər.