REKTOR İCLAS KEÇİRDİ

 

Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında rektor professor Yusif Yusibovun sədrliyi ilə geniş tərkibli iclas keçirilmişdir. Professor Yusif Yusibov giriş sözünə Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclasında müzakirə olunan məsələlər haqqında məlumatla başladı. Qeyd etdi ki, kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters” elmi məlumat bazasından səmərəli istifadənin təşkili, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Rektor bildirdi ki, cənab Nazir Mikayıl Cabbarov eyni zamanda ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır.

Daha sonra professor Yusif Yusibov kollegiyada müzakirə olan məsələlərlə bağlı universitetin qarşısında duran vəzifələr, universitetdaxili nizam-intizamın möhkəmləndirilməsi, kollokviumların obyektiv aparılması, mühazirə mətnlərinin vaxtında saytlarda yerləşdirilməsi, göstərişə uyğun olaraq test paketlərinin hazırlanması, tələbələrdən təhsil haqqının vaxtında toplanılması və s. kimi mühüm məsələlərə də toxundu.

Müzakirələrdə dekanlar və kafedra müdirləri öz fikir və təkliflərini bildirdilər.