NOVRUZ BAYRAMINA HƏSR EDİLMİŞ TƏDBİR

16 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan “Novruz bayramı”na həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə ilk öncə bütün əməkdaşları təbrik edən universitet rektoru professor Yusif  Yusibov bildirdi ki, Novruz  yazın gəlişini simvolizə edən qədim xalq bayramı olaraq insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – suodtorpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır. Novruz dünyanın əksər ölkələri tərəfindən geniş şəkildə qeyd edilir. Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Rektor Yusif  Yusibov qeyd etdi ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Tədbirdə bayram münasibəti ilə rektor professor Yusif Yusibov  tərəfindən səmərəli iş fəaliyyətinə və ictimai işlərdə fəal iştirakına görə bir qrup əməkdaşlara “Fəxri fərman” və “Təşəkkür” elan edildi.

Sonda təbrik üçün söz fakültə dekanlarına  və tələbələrə verildi. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri “Avar” rəqsi, “Diablo” qrupunun ifası və “Musiqi fənləri” fakültəsinin tələbələrinin çıxışları böyük maraqla dinlənilərək, bayram əhval ruhiyyəsini daha da artırdı.