Novruz bayramınız mübarək!

Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.

Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqımızın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır.

Hazırda ölkəmizdə təhsil sahəsində də böyük quruculuq işləri həyata keçirilir. Təhsil ölkəmizin inkişaf hədəflərindən olan maddi kapitalın insan kapitalına çevrilməsində əsas rol oynadığından onun inkişafına, modernləşdirilməsinə, keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Son illər Gəncə Dövlət Universitetinin qazandığı uğurlar məhz bu diqqət və qayğının bariz nümunəsidir. 

Odur ki, bu əziz bayram günlərində xalqımıza, eləcə də Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinə və kollektivinə Novruz ovqatı, bahar əhvali-ruhiyyəsi arzu edirəm. Qoy, özü ilə bahar təravəti gətirən Novruz həyatınıza bayram ovqatı bəxş etməklə yanaşı, hər birinizə cansağlığı, ailə səadəti, yüksək əhval-ruhiyyə, işlərinizə müvəffəqiyyətlər gətirsin.

Novruz bayramınız mübarək!

                                                                           Yusif  YUSİBOV,                     

                                                Gəncə Dövlət Universitetinin rektoru, professor