Ölkənin enerji təhlükəsizliyi təmin edilir

Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.”Qobu” Enerji Qovşağı son illər ərzində inşa edlən ən böyük enerji obyektlərindən biridir.

Gücü 750 meqavat olan Yaşma  yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.

Keçən il Azərbaycanda 27 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləklə 1,6 milyard kilovat-saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.

Müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.

Ötən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir.

4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır.Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Son illər ərzində əsaslı dəyişikliklərə nail olunub. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.

Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra da ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür.

-Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

“Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.

Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir.

Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.