Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbəsi xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanır

         2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.

    Ən önəmli məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, Cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.

     Seçkilərdə xalqın 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin   fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirən dövlətimizin başçısı nitqində son 20 ildən artıq dövrdə Azərbaycan xalqının dəstəyi ilə görülən işlərdən, qazanılan uğurlardan, qələbələrdən geniş bəhs etdi. Bir daha vurğulandı ki, 2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı, onun Prezidentə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.

     Son 20 ilin tarixi göz qabağındadır.  Ölkə iqtisadiyyatında və sosial sahədə uğurlar qazanılıb. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərarın qəbul edilməsi ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

     Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında Qarabağda erməni separatizminin kökünün kəsilməsi ilə suverenliyimizin təmin olunması təşkil edir. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayanır. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Prezident İlham Əliyev andiçmə mərasimində haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.

     Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə rəmzi məna daşıyırdı. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırlanırdı. Amma ötən ilin sentyabr ayında Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi.

    Qazanılan uğurlar, zəfərlər, həmçinin müəyyənləşdirilən yeni hədəflər bu reallığı təsdiqləyir ki, Azərbaycan daim irəli baxır. Hər bir hədəfə zamanında nail olur. İrəli sürdüyü təşəbbüslər beynəlxalq dəstək qazanır. Hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatması əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, dostluq körpüsü yaradır. Azərbaycan daim ənənələri olan ölkə kimi dəyərləndirilir. Milli maraqlarımıza uyğun olaraq daxili və xarici siyasətin davam etdirilməsi, təhlükəsizliyimizin təmin olunması məqsədilə Ordumuzun daha da gücləndirilməsi, əhalinin sosial rifahının artırılması, iqtisadiyyatın inkişafı və sair prioritetlər sırasındadır. Ən əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır.

      Prezident seçkilərində Cənab İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti