Psixoloqlar çətin tərbiyə olunan uşaqların məktəbdə dezadaptasiyası haqqında şagirdləri məlumatlandırıb

Gəncə Dövlət Universitetinin Psixologiya kafedrası Məhəmməd Füzulu adına 22 saylı tam orta məktəbin 6,7,8-ci sinif şagirdlərinin sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirmək, eləcə də məktəblilərin gələcəkdə özlərinin bilik və bacarıqlarına uyğun peşə seçiminə kömək etmək məqsədilə maarifləndirici seminar keçirib.

Həmçinin Təhsildə sosial psixoloji xidmət ixtisasının 4-cü kurs tələbəsi Səbinə Mikayılovanın “Məktəb dezadaptasiyası sindromu nədir?” mövzusunda açıq dərsi dinlənilib.

Tədbirdə orta məktəbin direktoru Abdulla Kərimov, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Təcrübə və karyera şöbəsinin əməkdaşı Nuridə Məmmədova, metodist müəllimlər – Leyla Həsənova, Pərvanə Məmmədova, təcrübəçi tələbələr və məktəbin fənn müəllimləri iştirak ediblər.

Bildirilib ki, hər iki tədbirin əsas məqsədi çətin tərbiyə olunan uşaqların məktəbdə dezadaptasiyası haqqında şagirdləri məlumatlandırmaq, daha sonra məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, seçilən peşə növlərinin xüsusiyyətləri və tələbləri ilə tanışlıq, eyni zamanda şagirdlərin psixofizioloji və sosial-psixoloji vəziyyəti arasındakı uyğunluğu müəyyən etməkdir.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

Sonda çıxış edənlər bu cür tədbirlərin digər orta məktəblərdə də keçirilməsini tövsiyyə ediblər.