Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

   Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” adlı elmi-praktik konfrans keçirilib.

     Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx izləndikdən sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək  Qərbi Azərbaycanla bağlı belə konfransın keçirilməsinin önəmindən söz açıb. Həmçinin prorektor ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından, tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən də  danışıb. Bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan azərbaycanlıların haqq səsini eşitdirməkdən, tarixi ədalətin bərpa ediləcəyi günün hər keçən gün daha da yaxınlaşdığını diqqətə çatdırmaqdan ibarət olduğunu bildirib.

   Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov  “Gorus, Qafan, Meğri adlarında ermənilərin təxribatı” adlı məruzəsində  Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunaraq, bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğulayıb.

   Təhsilin pedaqogikası və metodikası kafedrasının  dosenti Bayram Apoyev isə “Qərbi Azərbaycanda toponimlərimizə qarşı soyqırım siyasəti” adlı məruzəsində Qərbi Azərbaycana Qayıdış hərəkatında göstərilən təşəbbüskarlıqdan söz açıb.  Doğma yurd yerlərimizə qayıdışın təkcə milli kimliyimizin bərpası deyil, həm də gələcək nəsillərimiz üçün ədalətli və dinc gələcəyin qurulması baxımından zəruri olduğunu diqqətə çatdırıb. 

      Konfransda İnformatika və cəbr kafedrasının müdiri, dosent İlqar Cabbarov “Qərbi Azərbaycanın parlaq simalarından olan Orucəli Qurbanovun həyatı bir örnəkdir”, Ümumi tarix kafedrasının müdiri,  dosent Etibar Musayev “Qərbi Azərbaycan: bu günün reallıqları”, Psixologiya kafedrasının  baş müəllimi Sabirə Bayramova  “Qərbi Azərbaycanda qırmızı taborun fəaliyyəti”, Azərbaycan tarixi kafedrasının  baş müəllimi  İlham Məmmədov “Ərazi iddiaları fonunda erməni silahlı birləşmələrinin fəaliyyəti-Qarabağda və Zəngəzurda”, Meğri icması Gəncə bölməsi Gənclər təşkilatının sədri Fəridə Allahverdiyeva  “Qərbi Azərbaycana qayıdış konsepsiyasının qarşısında duran vəzifələrdə gənclərin fəaliyyəti” mövzularında çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti