“Qarabağa aparan bilik yolu” layihəsinin GDU-DA təqdimatı

Gəncə Dövlət Universitetində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Qarabağa aparan bilik yolu” layihəsinin təqdimat tədbiri keçirilib.

Təqdimat universitetin tələbələrinin iştirakı ilə təşkil olunub və gənclərə təşkilat tərəfindən icra olunacaq layihənin məqsədi, gedişatı və onlara qazandıracağı üstünlüklər təqdim olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, işğaldan azad edilən torpaqlarımız və uğurlu dövlət siyasəti istiqamətində tələbələrin maarifləndirilməsi, gənc nəslin suverenliyimizin tarixi haqqında məlumatlandırılması və gənclərin yumşaq bacarıqlarının formalaşdırılmasına dəstək olmaqdır.

Daha sonra “Gələcəyə Körpü” GİB-in sədri Anaxanım Rzazadə və təşkilatın könüllüsü Ruslan Novruzəliyev çıxış ediblər. Diqqətə çatdırılıb ki, “Qarabağa aparan bilik yolu” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” GİB-in təşkilatçılığı ilə Gəncə, Şuşa və Xankəndi şəhərlərində həyata keçiriləcək intellektual yarış formatlı layihədir.