Qrinviç Universitetinin professorunun ustad dərsi baş tutdu
23-24 may 2022-ci il tarixlərində İnnovasiya Departamentinin təşkilatı dəstəyi ilə Britaniya Şurasının “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsi əsasında Britaniyalı ekspert, Qrinviç Universitetinin professoru Jithendran Kokkranikal tələbə və müəllimlərlə görüşü təşkil olundu. Layihəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin İbrahimova və şöbənin layihə meneceri Rauf Məmmədov Gəncə səfərində Britaniyalı qonağı müşayət edirdilər.
İcraatda olan bu layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq və biznesin tədrisinin gücləndirilməsi və gənc sahibkarlar tərəfindən yaradılan startapların dəstəklənməsindən ibarətdir. Həmçinin, beynəlxalq inteqrasiya və əməkdaşlıqların təbliğatı istiqamətində sahibkarların və gənclərin ingilis dilini daha effektiv mənimsəməsi üçün Britaniya Şurası tərəfindən təşkil olunan ingilis dilinin rəqəmsal platformalar vasitəsilə öyrənilməsi bu layihədə öz əksini tapır.
Ustad dərslərə başlamazdan əvvəl qonaqları Universitetin tədris məsələləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu ilə görüş təşkil olundu. Səmimi keçən tanışlıq görüşündə Şahin müəllim qonaqlara xoş gəldin deyərək təşkil olunacaq təlimdə iştirakçılara uğurlar arzuladı.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin tərəfdaşlıq etdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Britaniya Şurası (British Council) ilə əməkdaşlıq çərçivəsində icra edilən “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin birbaşa iştirakçısı olan universitetlərdən biridir. Yaxın gələcəkdə Britaniya Şurası (British Council) Yaradıcı Qığılcım (Creative Spark) layihəsi çərçivəsində Qrinviç Universiteti ilə yeni əməkdaşlığa dair ilkin razılıq əldə olunub.