XARİCİ DİLLƏR FAKULTƏSİNDƏ İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ İLLİYƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki,“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı milli yaddaşımızın bərpasına yönəlmişdir.  Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir, keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır.Təkcə bu günü deyil, sabahı, gələcəyi dərk etməli, keçmişi yaxşı öyrənməli və mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Bu baxımdan, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamın mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyəti vardır. Bu sərəncam, İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı yeniləməyə və strateji hədəflərə nail olmağa çağırışdır.1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər seminariyası  40 ilə yaxın müddətdə hazırladığı müasir dünya görüşünə və düşüncə tərzinə malik olan kadrların İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnamamizə yaddaqalan səhifələr yazmışdır.

Sonra xarici dillər fakültəsinin  dekanı, dosent Əjdər Əsgərovun, qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimovun və   rus dili kafedrasının dosenti Sevda Əliyevanın müxtəlif mövzularda məruzələri dinlənilmiş,  xarici dillər fakültəsi tələbələrinin ifasında “Maarifçi şəxsiyyətlər” adlı kompozisiya nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.