RAMAZAN BAYRAMINIZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏR!

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.

        Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. Müsəlman bacı və qardaşlarımız sülh, əmin-amanlıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərində mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirirlər.

        Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il böyük təntənə ilə qeyd edilir. Xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilir. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bu əziz bayram günündə yad edərək, hamısına Allahdan rəhmət diləyirəm.

        Bu əziz bayram günündə hər birinizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Ramazan bayramınız mübarək olsun, əziz həmvənlərim!

                                                                       Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif YUSİBOV