REKTOR FRANSALI QONAQLARI QƏBUL ETDİ
Bu günlərdə əməkdaşlıq müqaviləsinin müddəalarına uyğun olaraq “Yuxarı Alzas” Universitetinin bir qrup əməkdaşı- Filologiya fakültəsinin dekanı xanım Qreta Komur, Nikol Dzyub, İnkar Kuramayeva, Tatyana Musinova Gəncə Dövlət Universitetində olmuşlar. Qonaqları Universitetinin rektoru professor Yusif Yusibov, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə qarşılamışdır.
Rektor ilk öncə Azərbaycan-Fransa dostluğunun tarixindən və bu günki əməkdaşlıqdan bəhs edərək bildirmişdir ki, Azərbaycan Respubilkasının təhsil sahəsində islahat proqramı, bu sahədə aparılan tədqiqatların nəticəsi göstərir ki, hal-hazırda inkişaf etmiş Avropa ölkələrinə inteqrasiya olunmaq, Avropada yaşayan xalqlarla ünsiyyət yaratmaq üçün milli təhsil sistemində, o cümlədən, xarici dillərin müasir tələblər baxımından yüksək səviyyədə tədrisində əsaslı dəyişikliklər etmək aktuallaşmışdır.
Mərhum Ulu öndər Heydər Əliyevin müdrik xarici siyasətinin parlaq nümunəsi kimi Azərbaycan və Fransa dövlətləri arasında hər bir sahədə məhsuldar diplomatik münasibətlər mövcuddur. Ölkələrimiz arasında əməkdaşlığın daha da vüsət aldığı bir dövrdə Gəncə Dövlət Universiteti də beynəlxalq əlaqələrin genişlənməsində önəmli yer tutur. Bu sahədə yeni bir dövr başlanmışdır. 20 iyun 2014-cü ildə Fransanın Miluz şəhəri ilə Yevlax şəhəri arasında “Dostluq xartiyasının” imzalanması, Fransa Respublikasının və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsü irəli sürülmüş UFAZ layihəsi, elecə də Miluz “OT Alzas” Universitetində Azərbaycanın xanım şairəsinin adını daşıyan Mərkəzin açılması Fransa-Azərbaycan dostluğunun möhkəmlənməsinə misal ola bilər. Məhsəti Gəncəvi Mərkəzinin açılışında Azərbaycan nümayəndə heyətinin tərkibində rektorun baş müşaviri Asif Cavadov və Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov da iştirak etmişlər. Məhərrəm Orucov Fransanın Akademik Palma Ordeni ilə təltif olunmuşdur.
Fransalı qonaqlar da hər iki dövlətin səmimi əməkdaşlığından məmnun qaldıqlarını bildirdilər. Bu həm də iki xalqın əməkdaşlığı, dostluğu deməkdir. Bu əməkdaşlıq istər istəməz xalqların xeyrinədir, elm, təhsil sahəsinidə tərəqqisi deməkdir.
Görüşün sonunda professor Yusif Yusibov kollektiv adından qonaqlara Gəncəni, Gəncə Dövlət Universitetini xatırladacaq hədiyyələr təqdim etdi.