REKTOR QALİB STARTAPÇILARLA GÖRÜŞÜB

Gəncə Dövlət Universitetinin startap komandası Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Gəncə Gənclər evində “Elcore Cup” Rəqəmsal Gənclik İnnovasiya müsabiqəsində iştirak ediblər.  Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “Sərfəli səyahət” adlı startap ideyası birinci yerə layiq görülüb.

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb.

Rektor Yusif  Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Layihənin məqsədindən danışan rektor bildirib ki,  ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olub. Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə tələbələr   onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitetin rektoruna dərin minnətdarlıqlarını bildiriblər.