RİYAZİYYAT – İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ

Gəncə Dövlət Universitetinin Riyaziyyat – İnformatika fakültəsində Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Doğma Vətən – Azərbaycan“ adlı tədbir keçirilmişdir.

Tədbirdə, universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif  Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Ümumi işlər üzrə prorektor Coşqun Qurbanov, fakültənin dekanı dosent  Oruc Hüseynov, müəllimlər və tələbələr iştirak etmişlər.

Prorektor Asif  Cavadov tədbiri giriş sözü ilə açaraq ən çətin illərdə müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsində Ümummilli lider  Heydər Əliyevin müqayisə edilməz rolunu vurğuladı.

Prorektor Fəxrəddin Məmmədov, fakültənin dekanı dosent Oruc Hüseynov çıxışlarında qeyd etdilər ki, zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir.

Universitetin Həndəsə və cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın “Qədim İrəvan xanlığı”, II kurs tələbəsi Sevinc İbrahimovanın “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və inkişafı”,  IV kurs tələbəsi Vüsalə Əmirzadənin “Heydər Əliyevin həyat və fəaliyyəti”, III kurs tələbəsi Ayşən Bayramovanın “Qarabağın incisi Şuşa”, III kurs tələbəsi Səadət Məmmədovanın “Heydər Əliyevin elm və mədəniyyət sahəsində rolu” mövzusunda çıxış edərək real faktlar əsasında ürək sözlərini iştirakçılara çatdırdılar. Tələbələrdən  Ləman Ənvərlinin, Aysel Əmirovanın, Hekayət Əhmədzadənin ifa etdikləri “Ulu bir sərkərdə, ulu bir öndər”, “Şəhid olmağım gəlir”, “Lələ təpə” adlı şeirlər, III kurs tələbəsi Elməddin Həsənlinin gitarada çalğısı, Vüsal Vəliyevin və Şəhla Tağıyevanın  rəqsi, bir qrup tələbənin “Cənab Leytenant” mahnısı alqışlarla qarşılandı.

Tədbir tələbələrin ifasında “Torpağın səsi” mahnısı ilə yekunlaşdı.