“Şəkərli diabet xəstəliyinə müasir yanaşma” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Şəkərli diabet xəstəliyinə müasir yanaşma” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” haqqında məlumat verib. Diqqətə çatdırıb ki, ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikasına böyük əhəmiyyət verilir, xəstəliyə düçar olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilir.
Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının həkim-endokrinoloqu Anar Məmmədov şəkərli diabet xəstəliyinin əlamətləri, diaqnostikası və xəstəliyə müsair yanaşma metodları haqqında ətraflı danışıb. Endokrinoloq bildirib ki, xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmazsa çox ciddi fəsadlar törədə bilər. O da diqqətə çatdırılıb ki, şəkərli diabet xəstələrinin zəruri müalicə vasitələri və preparatları dövlət vəsaiti hesabına təmin olunur. Bu xəstəlikdən əziyyət çəkən şəxslər mütləq ərazi xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti