Şəkərli diabet xəstəlik deyil, həyat tərzidir

Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülür.

Gəncə Dövlət Universitetində “Şəkərli diabet xəstəliyi və onun müalicəsi” mövzusunda keçirilən tədbirdə universitetin prorektoru Gülsüm Fətəliyeva Endokronoloji xəstəxananın baş həkimi, Əməkdar həkim Sevda Əsgərova, Tibb elmləri namizədi Süleyman Piriyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin qərarı ilə bu xəstəlik üzrə Dövlət Proqramı qəbul edilib.

Dövlət Proqramı qəbul edildikdən sonrakı keçən dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşdırılaraq, onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik aradan götürülüb. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri – qlükometrlərlə təmin edilib. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaradıb və məlum olub ki, qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artıb.

Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir.

Dövlət Proqramında profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.

Maarifləndirici tədbirdə çıxış edən məruzəçilər bildiriblər ki, 12 qrup şəkər endirici preparat vardır. Lakin şəkərli diabetin müalicəsi yalnız şəkərendirici müalicə ilə qurtarmır, onunla bərabər arterial hipertenziyanın, antiatreskirotik və antitrombatik müalicə keçirilməlidir. İndiki zamanda şəkərli diabetin profilaktikası mümkündür. Bu o demekdir ki şəkərli diabetin qarşısını almaq olar və bunun üçün həkimlərin əlində lazımi imkanlar var. Belə ki, şəkərli diabetə tutulmuş insanlar “uzun müddət ya da ömrünün axırına kimi normal şəkərlərlə dərmansız və fəsadlarsız yaşaya bilər.”

Bilıdirilib ki, şəkərli diabet haqqında danışmazdan əvvəl insanın normal fizioloji strukturuna baxmaqda fayda var. Orqanizm ehtiyacı olan enerjini qəbul etdiyimiz qidalardan əldə edir. Yemək yedikdən sonra qidalar bağırsaqlarda parçalanıb, sorularaq qan dövranı vasitəsilə orqanizmə yayılır. Enerji əldə etmək üçün qan şəkərinin xüsusilə əzələ, qaraciyər, yağ və beyin kimi toxumalar olmaqla, bütün orqan hüceyrələrinə girməlidir. Qanda olan şəkərin hüceyrələrə girməsi mədəaltı vəzdən ifraz olunan insulin hormonu vasitəsilə olur. İnsulin qanda yoxdursa və ya olduğu halda hüceyrələr tərəfindən istifadə olunmursa, qandakı şəkər hüceyrələrə girmədiyi üçün toplanır və yüksəlməyə başlayır.

Sonda bildirilib ki, pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir.