Şərqşünaslıq elmi tarixinə əvəzsiz töhfələr verən Aida İmanquliyevanın doğum günüdür

10 oktyabr Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, şərqşünas alim Aida İmanquliyevanın  doğum günüdür. Görkəmli şərqşünas alim Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

   Ömrünü Şərq mədəniyyətini öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açmış, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirmiş və inkişaf etdirmişdir. Üç fundamental monoqrafiyanın – “Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi.

  Aida İmanquliyeva 52 yaşında dünyadan köçsə də şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır və daim yaşayacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti