ŞAİR-PUBLİSİST QƏŞƏM NƏCƏFZADƏ İLƏ GÖRÜŞ

25 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Azərbaycan yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair-publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva ilk öncə qonağa universitet adından qələm, universitetin atributları sayılan bayraq və qerbini hədiyyə verdikdən sonrabildirdi ki, universitetdə həyat yoldaşı Tabəst Nəcəfzadə ilə qonaq olan, şerləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunan, əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə olunan, 26 şer kitabı çap edilən, şair-publisist Qəşəm Nəcəfzadə-İmişlidən Bakıya böyük bir yol gəlmişdir. Qəşəm Nəcəfzadə 1959-cu il İmişli rayonunun Əliqulu kəndində anadan olmuş, 1981-ci ildə Gəncə Dövlət Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.

Görüşdə Azərbaycan yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Prezident təqaüdçüsü Xəzangül Hüseynova, AYB-nin Gəncə bölməsinin katibi, Prezident təqaüdçüsü Aləmzər Əlizadə, Yüksəliş qəzetinin redaktoru, şair, yazıçı, publisist Qərib Mehdi, AYB-nın üzvləri olan şairlər Saleh Qurbanov, Xəqani Həbiboğlu və Sahib İbrahimli, Qəşəm Nəcəfzadənin ən gənc istedadlı şair dostu Məhəmməd Turan öz çıxışlarında Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığından, müasir Azərbaycan ədəbiyyatına onun verdiyi töhvələrdən, yeni istedadların üzə çıxmasında gənclərə böyük dəstəyindən bəhs etmişlər. Şairin qələm dostları qeyd etdilər  ki, Çağdaş Azərbaycan poeziyasında Qəşəm Nəcəfzadə ən yaradıcı şairlərlə müqayisə edilir, tənqidçilər onun yaradıçılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şerləri üstünlük təşkil edir.

Filologiya fakültəsinin tələbələri Qəşəm Nəcəfzadənin şerləri və Musiqi kafedrasının tələbələri ifa etdikləri musiqi çələngləri ilə görüşə gözəl əhval ruhiyyə bəxş etdilər.

Öz şerlərini səsləndirərək görüşə daha yüksək rəng qatan Qəşəm Nəcəfzadə keçirilən görüşdən çox təsirləndiyini, tələbələr tərəfindən bu qədər sevildiyi üçün sevindiyini, ona göstərilən diqqət və qayğıya görə, bu görüşün təşkil edilməsində başda universitetin rektoru professor Yusif Yusibov olmaqla Prorektor dosent Gülsüm Fətəliyevaya və bütün professor-müəllim heyətinə təşəkkürünü bildirdi.