Şanlı Zəfərimizə gedən yol
Gəncə Dövlət Universitetində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 27 sentyabr 2020-ci il böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən Savaşının qələbə dolu əks-sədası eşidildi. Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətləri otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olsalar da Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ işğaldan azad olundu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prorektor onu da qeyd edib ki, Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Tədbirdə 27 Sentyabr – Anım Günü ilə bağlı videoçarx , eləcə də 44 günlük Vətən müharibəsində ermənilərin Gəncəyə raket hücumu zamanı hər iki gözünü itirən Gəncə Dövlət Universitetinin məzunu Pərvin Qasımovaya həsr olunmuş “Müharibənin gözü ilə” adlı sənədli film nümayiş olunub.
Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova “Şanlı Qələbəyə aparan yol”, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “27 Sentyabr qürur və ehtiram günü”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “27 Sentyabr-Milli birliyin zəfəri”, Kimya kafedrasının müdiri Aynur Məmmədova “Vətən müharibəsi Zəfər tariximizdir”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Güclü Lider-Qalib Xalq”, Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Ülviyyə Məmmədli “Hər günü bir tarix olan 44 gün” adlı məruzələrində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti










