TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ NOVRUZ BAYRAMI

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı daima tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların həyata marağını artırmaq məqsədi ilə müxtəlif sahələri özündə əks etdirən layihələr həyata keçirmiş və bu tip layihələr uğurla davam etdirilməkdədir. Həyata keçirilən uğurlu layihələrdən biri də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Gəncə şəhərində fəaliyyət göstərən “AURA PARK” əyləncə və ticarət mərkəzinin dəstəyilə Novruz bayramı münasibəti ilə keçirilən konsert proqramı oldu. Tarix-coğrafiya fakültəsinin tələbələri Danulduz Həsənova, Anar Hacıyev və Ülvi Süleymanovun birgə ifaları, Filologiya fakültəsinin tələbəsi Çinarə Ələkbərovanın söylədiyi şer və Əli Məmmədlinin gitarada ifası şəhər sakinləri və konsertdə iştirak edən tələbələr tərəfindən böyük maraqla qarşılandı. Konsert proqramının gedişində Novruz bayramının əsas simvolları olan Keçəl və Kosanın iştirakı ilə əyləncəli oyunların təşkili və qalib gələn gənclərə hədiyyələrin təqdim olunması konsert proqramını daha da rəngarəng etdi.