Tələbələrin hüquqlarını müdafiə edəcək Ombudsman ofisinin açılması gözlənilir  

Gəncə Dövlət Universitetini (GDU) təmsil edən nümayəndə heyəti Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsinin hesabat xarakterli görüşündə iştirak edib.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Xəzər Universitetində keçirilən tədbirdə ali təhsil müəssisəsini GDU-nun elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Beynəlxalq əlaqələr şöbədinin müdiri Ruslan Məmmədov və İnformasiya Kommunikasiya şöbəsinin müdiri Asif Həsənov təmsil ediblər.

Böyük Britaniya, Finlandiya və Polşalı ekspertərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan olan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə Ombudusman ofisinin funksiya və strukturlarının nəzəri və praktik cəhətdən öyrənilməsi olub.

Tədbiri açan Xəzər Universitetinin təsisçisi ,Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında geniş məlumat verib.

Daha sonra iştirakçıların layihə ətrafında məruzələri dinlənilib.

Qeyd edək ki, layihənin nəticəsi olaraq proqrama qoşulan ali təhsil müəssisələrində, eləcə də GDU-da tələbələrin hüquqlarını müdafiə edəcək Ombudsman ofisinin açılması gözlənilir.