Universitet əməkdaşları mükafatlandırılıb

Gəncə Dövlət Universitetinin elm-təhsildə və əmək fəaliyyətində fərqlənən əməkdaşları universitetin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.

Bu münasibətlə Gəncə Dövlət Universiteti AHİK-də tədbir keçirilib.

Hər bir təhsil müəssisəsinin inkişaf səviyyəsinin orada işləyən professor-müəllim heyəti və peşəkar kadrlarla şərtləndiyini deyən universitetin AHİK-in sədri Afaq Qasımova bildirib ki, bu cür əməkdaşların öz işlərini müasir tələblər səviyyəsində qurması həmin kadrlara fəaliyyət göstərdiyi idarə, təşkilat və müəssisələrdə dərin rəğbət hisi yaradır. Həmçinin həmin müəllimlər hərtərəfli peşəkar fəaliyyəti ilə işlədikləri universitetlərin nüfuzunun yüksəlməsinə və qabaqcıl elm-təhsil mərkəzlərinə çevrilməsinə şərait yaradırlar.

Sonra Biologiya-kimya fakültəsinin dekanı, Azərbaycan dili kafedrası və Sosial fənlər kafedralarının müdirlərinin təqdimatı əsasında AHİK tərəfindən universitetin bir qrup əməkdaşı və yubilyarlar mükafatlandırılıblar.

Sonda mükafatlandırılan əməkdaşlar onların pedaqoji fəaliyyətinə verilən qiymətə görə universitetin rektoru, professor Yusif Yusibova və AHİK-ə minnətdarlıqlarını ifadə ediblər.