Universitet kollektivi Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən müayinə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən Nizami yurdunun sakinləri, həmçinin Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi üçün ödənişsiz ilkin göz müayinəsi aksiyası həyata keçirilib.

Dünyagöz Mobil Klinikasının məsul əməkdaşı Muzaffər Sancaklı universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə müsahibəsində bildirib ki, noyabrın 2-dən başlayaraq 3 həftə ərzində hər gün 150 nəfərdən çox, təxminən 3 minə yaxın insan müayinə edilib. Onlar arasında şəhər sakinləri ilə yanaşı, Gəncə Dövlət Universitetinin müəllim və tələbələri də var.

Muzaffər Sancaklı deyib ki, gənclər mütəmadi müayinə olunarsa, gələcəkdə yarana biləcək bir çox göz xəstəliklərinin qarşısını almaq mümkündür.

Müayinənin nəticələrini açıqlayan Dünyagöz Mobil Klinikasının həkimi Nigar Lələyeva isə qeyd edib ki, tibbi baxışdan keçənlərdə əsasən miopiya, hipermetrop, astiqmat, katarakta və başqa xəstəliklərə rast gəlinib.

Universitetin kollektivi yüksək xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.