UNİVERSİTET TƏLƏBƏLƏRİ MAARİFLƏNDİRİCİ ŞƏHƏR TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR

Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Gənclər Evində gənclərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi ,həkimlər və tələbələr iştirak ediblər.

Gəncə Dövlət Universitetinin tələbələri də şəhər tədbirində  iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov tədbir iştirakçılarını salamlayıblar və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının müdiri, həkim Afaq Əsədova və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, həkim Almaz Tomuyeva öz çıxışlarında 1 Dekabr tarixinin “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd olunduğunu vurğulayaraq, əhali, xüsusilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin, ziyanlı vərdişlərin fəsadları barəsində onların maarifləndirilməsinin QİÇS-lə mübarizə mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd etmişlər, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.