Universitetin əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb

Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin müdiri Vasif Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, mükafat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iclasında təqdim edilib.

Təqdimat mərasimində AHİK-in sədri Səttar Mehbalıyev, Həmkarlar İttifaqı təşkilatları üzrə komitə və təşkilat sədrləri, həmçinin seçilmiş nümayəndələr iştirak ediblər.

Mükafata layiq görülmüş gənclərə Fəxri diplom, ”İlin peşəkar gənci” döş nişanı və mükafatın vəsiqəsi təqdim edilib.

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, AHİK gəncləri hər sahədə həvəsləndirmək məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən və ictimaiyyətin geniş rəğbətini qazananlar üçün “İlin Peşəkar gənci” fəxri adı təsis edib.

Qeyd edilib ki, “İlin peşəkar gənci” mükafatı yerli həmkarlar ittifaqı komitələrinin təqdimatına əsasən AHİK tərəfindən gənc və peşəkar mütəxəssislərə təqdim edilib.