Ustad dərsi: “İş yerlərində psixososial risklər”

2025-ci il mayın 23-də Gəncə Dövlət Universitetində əmək mühitində psixoloji rifahın təmin edilməsi, stress faktorlarının idarə olunması və işçilərin sosial müdafiəsi kimi aktual məsələləri əhatə edən “İş yerlərində psixososial risklər” mövzusunda ustad dərs təşkil olundu.

Ustad dərsi ilə çıxış edən Türkiyənin Doqquz Eylul Universitetinin professoru, psixologiya və sosial rifah sahəsində ixtisaslaşmış alim Özlem Çakır mövzunu elmi-nəzəri və praktik aspektlərdən geniş şəkildə təhlil etdi. O, müasir iş mühitində qarşılaşılan psixososial təhlükələrin – stres, tükənmişlik sindromu, mobbing (psixoloji təzyiq), iş balanssızlığı və sosial dəstək çatışmazlığının – həm fərdi işçilərə, həm də ümumi əmək məhsuldarlığına təsiri ilə bağlı beynəlxalq tədqiqatlara əsaslanan nümunələr təqdim etdi.

Məruzədə iş yerlərində psixososial risklərin azaldılması, profilaktik tədbirlərin təşkili, rəhbərlik və HR strukturlarının məsuliyyətləri, eləcə də bu risklərin effektiv qiymətləndirilməsi mexanizmləri müzakirə olundu. Professor Özlem Çakır, Türkiyədə tətbiq edilən müsbət təcrübələri və strateji yanaşmaları da iştirakçılarla bölüşdü.

Ustad dərsində Gəncə Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, psixologiya və sosial iş sahəsində təhsil alan tələbələr fəal iştirak etdilər. Təqdimatdan sonra qarşılıqlı fikir mübadiləsi aparıldı, iştirakçılar tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırıldı.

Dərsin sonunda universitet rəhbərliyi tərəfindən Prof. Özlem Çakıra təşəkkür bildirildi və gələcəkdə bu sahədə akademik əməkdaşlıq perspektivləri müzakirə edildi.

Bu kimi ustad dərslər GDU-da tədrisin keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq elmi əlaqələrin genişlənməsinə və tələbələrin praktik biliklərinin zənginləşdirilməsinə töhfə verir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti