Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Gəncə Dövlət Universitetinin  Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan dəyirmi masa  keçirilib.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq görkəmli şairin ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər haqqında məlumat verib. Bildirib ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim
mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır.

Dəyirmi masada  Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev, dosent Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları Həmid Abbasov və Vüsal İsgəndərov çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından danışıblar və ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirdə Filologiya fakültəsinin I kurs tələbələri  Zəhra Kərimova, Gültən Sultanova, Nərmin İmamquluzadə, Tamella İsmayılova, Aytəkin Allahverdiyeva və Nərmin Həsənova mövzu ətrafında çıxış ediblər. 

Sonda xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, şairin öz səsi ilə  şeirlər səsləndirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti