“Xocalı-Zülmətdən işığa” adlı tədbir keçirilib
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Gəncə Dövlət Universitetində silsilə tədbirlər keçirilib.
Filologiya və Xarici Dillər fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı üzərinə ağır hərbi texnika yeridərək dinc əhaliyə qarşı misli görülməmiş erməni qəddarlığından danışıb, bu soyqırımın, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu diqqətə çatdırıb. Prorektor çıxışında Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını vurğulayıb.
Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirib.
Tədbirin davamında tələbələrin çıxışları dinlənilib, Xocalı soyqırımına həsr edilən şeirlər səsləndirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti