YAZ İMTAHAN SESSİYASI BAŞLADI
27 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin bütün ixtisaslarında yaz imtahan sessiyası başlandı. İmtahan sessiyasına qədər təlimatauyğun hazırlıq işləri yerinə yetirilmiş, otaqlar ayrılmış, kompyüterlərlə təmin edilmişdir. Tələbələrin semestr ərzində topladıqları ballar (kollokviumlar, frontal sorğular, praktik məşğələlərin həlli və s.) universitetin serverində elektron formada yerləşdirilmişdir.
Test suallarının hazırlanması və imtahan bazasına yüklənməsi məqəsədilə “Bunker” yaradılmış, lazımi işçi qrupu, avadanlıq və vasitələrlə təmin edilmişdir. Test sualları “Bunker”də imtahandan bir gün qabaq, axşam saat 6-dan sonra fənn üzrə ixtisasçı müəllimləri dəvət olunmaqla fənn proqramından, dərslikdən və dərs vəsaitindən istifadə edilməklə əlyazma formasında hazırlanıb işçi qrupu tərəfindən imtahan bazasına yüklənilir.
Test və qabiliyyət imtahanlarına nəzarət etmək, test imtahanları verəcək tələbələrə istifadəçi adı və şifrəsi paylamaq məqsədilə fənn üzrə mütəxəssis olmayan nəzarətçilər qrupu yaradılmışdır. Qabiliyyət imtahanlarının qəbul edilməsi, tələbələrin cavablarının (qrafiki işlərin) yoxlanıb, qiymətləndirilməsi fənnlər üzrə ixtisasçı müəllimlərdən ibarət komissiyalara həvalə olunmuşdur.
Rektor professor Yusif Yusibovun təşəbbüsü ilə balların hesablanması zamanı 4 (dörd) səhv cavabın 1 (bir) düzgün cavabı silməməsi qərara alınmışdır (Yalnız buraxılış kurslarının semestr imtahanları üçün).
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” yaradılmışdır.
Ciddi hazırlıq işlərinin nəticəsidir ki, elə ilk gündən sevindirici nəticələr özünü göstərdi. Tələbələr şəffaflıq şəraitində sərbəst olaraq öz biliklərini nümayiş etdirir, onlar üçün yaradılmış şəraitdən hədsiz razı qaldıqlarını bildirirlər.