Zəfər və Qələbə tarixi üzrə keçirilən olimpiadanın qalibləri mükafatlandırıldı

Gəncə Dövlət Universitetində (GDU) şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunmuş Zəfər və Qələbə tarixi üzrə olimpiada qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

   Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq  Qasımova, Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev, qəhrəman Yüksəl Əlizadənin anası, universitetin “Leksika və Ölkəşünaslıq” kafedrasının  müdiri Sevda Kazımova çıxış edərək  olimpiadanın əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, bilik yarışının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir.

     Tədbirdə olimpiadanın nəticələrinə əsasən qalib şagirdlərin adları açıqlanıb.

    Qeyd edilib ki, Gəncə şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Risalə Rzayeva I yeri, 15 nömrəli tam orta məktəbin şagirdi Fidan Babayeva II yeri, 5 nömrəli tam orta məktəbin şagirdi İlkin Vəlizadə III yeri tutub.

     Bilik yarışının qalib şagirdlərinə Fəxri Fərmanlar və kuboklar təqdim olunub.

    Digər yerləri tutan şagirdlərə isə həvəsləndirici  mükafatlar verilib.

   Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlərin valideynləri bilik yarışının yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə və olimpiadanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, Gəncə Dövlət Universiteti və Yüksəl Əlizadə adına Musiqi və Təhsil Mərkəzinin təşəbbüsü ilə təşkil edilən olimpiadaya 350-dən çox məktəbli qatılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti