“Zəfərin mübarək, Azərbaycan!”

8 Noyabr-Zəfər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri təşkil edilmişdir.

    Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

  Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zəfər Günü münasibəti ilə iştirakçıları təbrik etmiş, Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan oğulları Vətən müharibəsi cəbhəsində atəşə dönərək düşmən üzərinə od ələmiş, onlara sarsıdıcı, dağıdıcı zərbələr vurmuşdur. Qəhrəman döyüşçülərimizin gücünə tab gətirməyən düşmən silah-sursat və hərbi texnikalarını, mövqelərini, hətta yaralı, həlak olan döyüş yoldaşlarını geridə qoyaraq qaçdı.

    Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov çıxışında II Qarabağ müharibəsində Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətdən, Azərbaycan ordusunun şücaətindən, şəhid və qazilərin  qəhrəmanlığından söhbət açmışdır.

    Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə tələbələr tərəfindən “Azərbaycan”, “Şuşa” şeirləri səsləndirilmiş, “Azərbaycan”, “Xudayar təsnifi” qəhrəmanlıq nəğmələri ifa edilmiş, “Zəfər himni” tamaşası nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti