2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
- Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
- Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
- Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3×4 ölçüdə)
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər (“Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur). “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr 2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.
- Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel – 15 may 2024-cü il tarixlərində portal.edu.az platforması üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf) yüklənməlidir.
Ünvan: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429.
Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar üzrə prorektorluq