31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

       31 dekabr-Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

       1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

     Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

     Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər.

           Ilk dəfə dünya azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

    Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

     Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

    44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.

      Öz Liderinin ətrafında dəmir yumruq tək birləşən xalqımız Ordumuza arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.

      Sevindiricidir ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycanın üçrəngli şanlı Bayrağı qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarımızda da bayramlar böyük coşqu ilə qeyd olunur.

     31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarını və tələbələrini  səmimi-qəlbdən təbrik edir, cansağlığı və səadət arzulayırıq!

      Bayramınız mübarək!

Rektorluq