Azad İqtisadi zonalar iqtisadiyyatımızın sürətli inkişafına təkan verəcək
Belə zonalardan birinin təməli bu günlərdə Ələt qəsəbəsində qoyulmuşdur.Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatdırılmış, inşaat işlərinin başlanması və bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Məlum olduğu kimiölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə də şərait yaradacaqdır.
Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.
Onu da qeyd edək ki,burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcəkdir. Çünki ümumi daxili məhsulun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görünür ki, ixracın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, ölkəmiz buna hazır olmalı idi və bu gün buna hazırdır.
Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə, bu coğrafi vəziyyət nəzərə alınaraq daha da səmərəli işləmək və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etmək tələb olunurdu. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalandı. 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarını, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də dövlətin inamına əsaslanır. Ona görə qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Bundan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır.
Qeyd edək ki,Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona planda olduğu kimi formalaşsa, bu bölgənin inkişaf dinamikası ölkənin ümumi inkişafına da böyük müsbət təsir göstərəcək. Bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan beynəlxalq dəhlizlər də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələt ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir.
Bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorlar məhz bu zonaya cəlb edilsin. Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Bu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir.
Onu da diqqətə çatdıraq ki,son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.
İnvestorları cəlb edən daha bir amil isə Azərbaycandakı təhlükəsizlik mühitidir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Bu amil çox önəmlidir. Digər vacib amil ondan ibarətdir ki, Azərbaycan Prezidentinin sözü ilə əməli heç vaxt fərqlənmir. Yəni, nəyi deyirsə, onu da edir. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Azərbaycan bunu etməyib. Çünki bunu etsə, investorlar qaçarlar. Bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inam, xarici sərmayədarları bu zonaya cəlb edilməsi deməkdir.
Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlardakı böyük infrastruktur layihələr böyük investisiyalar tələb edir.Azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilib. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, Azərbaycana xaricdən vəsait gətirməkdir. Məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər. Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Gözlənilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslər, bütün planlar həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirilən layihələr uğurla başa çatıb. Ona görə, bu zonanın yaradılması Azərbaycanın uğurunun növbəti addımı olacaqdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti